Növbətli qonağımız İSO standartları üzrə ekspert və təlimçi Vüsal bəy Mahmudovdur. Standartların sertifikatlaşması, şirkətlərdə tətbiqi, faydaları, müəssisələrin mütləq “yol xəritəsi” və digər maraqlı mövzulara bugün Vüsal bəy ilə toxunacağıq.
Necə oldu ki, keyfiyyətin idarə olunması sahəsində çalışmağa başladınız?
– Əvvəla, özümü təqdim edim, adım Mahmudov Vüsal, İqtisad Universitetinin Menecment ixtisasında bakalavr və magistr dərəcələrində oxumuşam. Bütün bu təhsil həyatımda İSO 9001-in idarəetmə sahəsində necə böyük əhəmiyyətə sahib olduğunu gördüm, eyni zamanda araşdırmalarımda görürdüm necə böyük uğura imza atmış şirkətlərin hər biri İSO 9001-in tələbləri əsasında iş prinsiplərini həyata keçirirlər. Bütün bu faktorlar məndə maraq oyatdı və bu marağın əsasında Türk standartlar institutunda təhsil aldım, sertifikatlarını əldə etdim. İlk işə başladığım NB Group şirkətində işlədiyim dövrdə, bu standartın tətbiqində iştrak etdim və böyük təcrübəyə sahib oldum. Artıq bu sahə üzrə özümü təkmilləşdirməyə başladım.
Hansı şirkətlərdə İSO standart tətbiq etmisiniz?
– İlk öncə işlədiyim NB Group kimya sənaye birliyində. 9 fabrikdə bu İSO 9001-in 2015-ci il versiyasının təbiqində və daha da təkmilləşdirilməsində fəaliyyat göstərdim. Plastik qablar, dəmir qablar, yuyucu vasitələr, bərk sabun, maye sabun, inşaat və sənaye boyaları istehsal edən bir şirkətdir. Bu qədər təcrübə alandan sonra Win Master qapı, pəncərə istehsalı ilə məşğul olan şirkətdə bu standartı 0-dan qurduq və bununla bərabər bir neçə irili-xırdalı şirkətlərə standartlar barədə konsultasiya etmiş oldum.
ISO standartları tətbiq etmək üçün nə qədər vaxt lazımdır?
– İSO standartların tətbiq olunma vaxtı şirkətin fəaliyyətindən və onun gördüyü işlərin həcmindən asılı olaraq dəyişir. Adətən, bu 2 aydan 6 aya qədər davam edə bilir. İşçilərin və proseslərin buna adaptasiyası bəzən çox zaman tələb edir.
ISO sertifikatı nə qədər vaxt ərzində etibarlıdır?
– Şirkətlər İSO 9001-i aldıqda, sertifikatın 3 illik ömrü olur. Amma, hansısa bir şəxs bunun təlimini aldıqda isə, sertifikatın ömrü o standartın yenilənməsinə qədərdir. Yəni, yeni bir versiya çixdıqda, köhnəsi qüvvədən düşür və yeni sertifikat üçün təhsil almalı olursunuz.
İdarə edilmə standartlarını tətbiq edəndə hansı əsas problemlərlə rastlaşırsınız?
– Bu mütləq şəkildə lazımdır, çünki standartın tələblərində çox incəliklər və edilməli addımlar var ki, bəzən illərin təcrübəsinə sahib olan bir şəxs onları beynində canlandırmaya bilir və ya heç onları nəzərdə tutmur. Ancaq bu standart bütün beynəlxalq səviyyədə təcrübələrin sınağından keçmiş şəkildə hazırlandığına görə, o standartda göstərilən bütün tələbləri işçilər üçün treninqlərdə keçmək lazımdır və onun treninqlərini alan hər bir kadr istər karyera inkişafında, istərsə də şirkətin fəaliyyətində ciddi tövhə verə bilir.
ISO standartın müəssisəyə tətbiqi hansı üstünlüklər qazandırır?
– Standartın tətbiq edildiyi bir şirkətdə qərarların qəbulu zamanı bütün mərhələlər, lazım olan bütün məlumatlar detallı şəkildə incələnir. Bütün işçilər məhsuliyyət və səlahiyyət bölgüləri doğru aparıldığı üçün, işlərini düzgün planlaşdırırlar, motivasiya sistemi olduqca yaxşı olur, performans dəyərlənməsi daim işçilərin iş fəaliyyətinin artırılmasına kömək edir. İSO 9001-i tətbiq edən şirkət bütün fəaliyyət prosesində, kimin, harada, nəyi, necə etdiyi barədə məlumata sahib olur, yaranmış hər hansı bir problem zamanı, o problemin yaranma səbəbini dərhal aşkar edə bilir və onunla bağlı tədbir həyata keçirə bilir. Bu sistemi tətbiq etməyən şirkətlərdə isə, bu proseslər xaotik baş verir və şirkət nə baş verdiyini belə anlamır, o səbəbdən də problrmləri aradan qaldıra bilmir.
ISO standartın tətbiqinin qiyməti hansı amillərdən asılıdır?
– Bu şirkətin həcmindən, işçi sayından və ordakı proseslərin hansı dərəcədə olmağından asılıdır. Əgər şirkət sənaye müəssisəsidirsə və 500-600 işçisi varsa, təbii ki, bu zaman qiymət daha yüksək olur və ya kiçik bir xidmət sahəsidirsə, 5-10 nəfər işçisi varsa, qiymət azalır. İş yükündən, görüləcək proseslərdən və yazılacaq sənədlərdən asılı olaraq qiymət dəyişə bilir.
Verilmiş standart sertifikatının doğruluğunu yoxlamaq üçün nə etmək lazımdır?
– Əgər akreditasiya olunmuş bir şirkət tərəfindən verilibsə, onun mütləq registr nömrəsi olur və həmin o nömrə ilə o şirkətin saytında axtarıb, doğruluğunu yoxlamaq mümkündür. Bunu verən orqan akreditasiya olunmuş olmalıdır və onun akreditasiya müddəti bitməmiş olmalıdır. Bu göstəricilər varsa, sertifikatda problem yoxdur deməkdir.
İlk olaraq idarə edilmə standartları tətbiq olmalıdır, sonra İSO sertifikatının götürülməsi, yoxsa əksinə və niyə?
– Əlbəttə ki, birinci növbədə praktiki olaraq standartın necə işləməsi ilə bağlı təlim keçirilməlidir. Ona lazım olan tədbirlər həyata keçirilməlidir, prosedurlar, proseslər, təlimatlar yazılmalıdır. İşçilər və eyni zamanda iş prosesləri bu standarta uyğunlaşdırıldıqdan sonra, İSO 9001 sertifikatının alınması ilə bağlı akreditasiya olunmuş şirkətlərə müraciət olunur və onlar həmin şirkəti audit etdikdən sonra, əgər bütün sistem tələblərə uyğundursa, sertifikat verilir. Uyğun olmadıqda, bütün uyğunsuzluqlar qeyd olunur, məruzə olunur və həll yolunu tapıb, uyğunsuzluğu aradan qaldırmaq üçün zaman verilir. Bundan sonra yenidən yoxlama keçirilir. Uyğun olarsa sertifikat verilir, olmazsa bu proses davam etdirilir.
ISO və idarəetmə standartlarının treninqlərinə başlamaq qərarına necə gəldiniz?
– Mən özüm ilk əvvəl bu standartı öyrənməyə çalışanda, tam praktiki olaraq heç yerdən məlumat ala bilmirdim. Çox təəssüf ki, ölkəmizdə az yayılmış təlimlərdəndir. Bu təlimlər sadəcə mütəxəssislər və təcrübəli şəxslər üçün keçirilir. Mən isə hələ təzə başlayanda, hətta tələbəlik illərində belə bunun təlimini ala bilmirdim. Aldığım təlimlər də çox yetəsiz idi, praktiki deyildi və bu səbəbdən də daha praktik, daha geniş əhatəli real keyslər üzərində təlimlər keçmək nəzərdə tutdum. Bu, insanlar tərəfindən çox ciddi şəkildə bir rəğbət ilə qarşılandı və təlimlərə böyük maraq yarandı. Bu təlimlərdən yararlanan hər kəs öz karyerasında, öz biznes həyatında ciddi nəaliyyətlərə imza atdı və bu da təbii ki, həm mənim özüm üçün, həm onlar üçün böyük bir uğur oldu. Ona görə də mən bu treninqləri silsilə şəkildə aparmağı özümə bir borc kimi bildim.
Sizcə ISO standartın Azərbaycanda populyarlaşmasına nə qədər vaxt lazımdır?
– Əslində bu müəyyən qədər sahibkarların arasında poulyardır, çünki artıq getdikcə bu sahibkarların qarşısında bir tələb kimi qoyulur. Sadəcə işçilər və sıravi insanlar arasında belə bu məlumatın olması üçün uzun bir zaman lazım olacaq. Təəssüflər olsun ki, çox geniş yayılmadığına görə, Azərbaycanda məlumatsızlıq var. Mən ödənişsiz seminarlar və təlimlər keçirməklə, insanları bunu öyrənməyə cəlb edirəm. Təmənnasız bir çox məlumatlar ötürürəm ki, bununla bağlı bilikləri olsun və fəaliyyət göstərdikləri şirkətlərdə tətbiq etsinlər. Xüsusilədə universiteti yeni bitirmiş, tələbə olan, iş axtarıb, tapa bilməyən gənclər üçün bu ödənişsiz seminarları həyata keçirirəm ki, onlar gələcəkdə öz karyeralarında nailiyyət əldə etsinlər və iş intervyusunda daha məlumatlı olsunlar. Ən azından iş tapmamaq baryerini aşa bilsinlər.
Təcrübənizdən bir neçə uğurlu keys barədə danışardınız Vusal bəy.
– Satınalmada işləyən zaman kimyəvi adlarına uyğun olaraq araşdırma edib, bir çox hallarda onların ticarətçi şirkətlərdən istehsalçı şirkətlərə çıxmasına nail olmuşdum. Bunu həmin o məhsulların brend adı ilə deyil, kimyəvi adlarını taparaq, onların mənşə ölkələrinə çıxaraq, əsl istehsal edən şirkətlərdən alışını etmişdim və dəfələrlə ucuz qiymətə alışlar sayəsində, bir xeyli qənaət etmiş olmuşduq, qiymətlərimizdə də endirimlər etməyə nail olmuşdum. Sonra bir müddət planlama sahəsində çalışarkən JİT (Just İn Time) prinsipi əsasında, nəzəri tərəfdən bildiyim, amma, praktiki tətbiq etmədiyim bir sistemi tətbiq edə bildim və anbar ehtiyatlarının stoklanmasında tranzit müddətini və sərfiyyat nisbətini nəzərə alaraq, daha ideal bir stoklama cədvəli yarada bilmişdim. Bu da mənim planlama sahəsində etdiyim uğurlardan biri idi. İşlər daha doğru, vaxtında, sifarişlər zamanında icra oluna bilirdi və heç bir ləngimədən istehsal prosesi davam etdirilirdi. Ümumiyyətlə bütün, karyera inkşafım və həyatımda aldığım nailiyyətlər İSO 9001 sayəsində olub, bu səbəbdən hər kəsi İSO 9001-i öyrənməyə və özü çalışdığı şirkətdə tətbiq etməsinə çağırıram. Olduqça faydalıdır, sınanmış tələblərdir və bütün dünyanın rəğbətlə qarşıladığı bir standartdır. Ümid edirəm ki, hər bir kəs bundan faydalanıb, öz ətrafına, işlərinə və həyatına töhfə verə biləcəkdir.